***
Bu il dəvələr qısırdı. Payızda baş vermiş zəlzələ təkcə adamları qorxuya bürüməmişdi. Bərdədən Şamaxıya qədər düzlərdə hər yay analarının yanında min bir oyun çıxaran, ora-bura qaçışıb körpə uşaqlar kimi oynaşan köşəklər gözə dəymirdi. Aclıq bütün Arranı, Şirvanı sarmışdı. Xəzinə boşaldığından ibn Məhan baş vəzirini xalqdan vergi toplamağa göndərdi. Yol boyu son dəvəsini verməkdən imtina edənlərin boynunu vurdurur, xalqı talan edirdilər. Valid ibn Tarifi ən böyük vergini Şamaxı dağlarındakı tərəkəmələrdən toplayacağını düşünürdü.
Köçərilər Şamaxı dağlarından Dərbəndə kimi Qafqaz dağlarının ən yüksək zirvəsində, göy çəmənliklərin qoynunda alaçıqda, qazmalarda yaşayır, saysız-hesabsız qoyun-quzu bəsləyirdilər. Sürü köçərinin hər şeyi idi. Yedikləri, qoyunun əvəzinə aldıqları undan bişirilən lavaş, qatıq və pendir idi.
Tərəkəmələrin itlərindən, bir də toppuzbaşlı çoban çomağından başqa silahları olmazdı. Ta Dəşti-Qıpçaqdan buralara qədər köç edə-edə bütün dağlıq əraziləri tutmuşdular. Yaylaqları da qışlaq ərazilərə yaxın dağlarda idi. Arrana enməzdilər.
Vergi söhbəti tərəkəmələrə də gəlib çatmışdı. Valid ibn Tarifinin bir neçə atlısı arxayınlıqla elat sürüsünü aparmaq istəyəndə Ayna xatun adlı çoban arvadı ərinin çomağını götürüb atların ombasından necə vurmuşdusa, hürkmüş heyvanlar əsgərləri bellərindən atıb qaçmışdılar. Yaşlı qadına əl qaldırmayan əsgərlər əlacsız qalıb geri dönmüşdülər.
Ayna xatunun əri çoban Həmid elat camaatına yalnız yerlilərin bildiyi gizli mağaraya toplaşmağı tapşırdı. Sürüləri də çəkib apardılar. Mağara sıldırım qayalarda, gözlə görünməz, ağlagəlməz yerdə idi, içinə bir dağ sığardı.
Valid ibn Tarifi axsaya-axsaya geri dönən əsgərlərini görüb, qəzəbindən onları qamçılatdı. Qoşunu götürüb dağlara, tərəkəmə obalarına hücum etdi. Yaylalara çatanda qoşun da, atlar da əldən düşmüşdülər. Çadırlarını qurub bir az dincələndən sonra Valid hər istiqamətdə yüz əsgər göndərib belə əmr elədi: “Sürüləri ilə bir yerdə tərəkəmələrin ya ölüsünü, ya da dirisini, tapıb gətirin!”
Arran qoşunu yeddi gün, yeddi gecə bütün dağları ələk-vələk eləsə də, tərəkəmələri gördüm deyən olmadı. Hərəsində yüz əsgər olmaqla on istiqamətdə axtarış aparan dəstələrdən bəziləri heç geri dönmədi, qayıdanlar isə hər dəstədən üç-dörd adam idi ki, onlar da qaçıb canlarını güclə qurtarmışdılar.