Leyli və Məcnun - страница 5

Шрифт
Интервал


– Bəxş etdiyin bu cənnətdən məni məhrum etmə, ilahi! – səsini daha çox duyurmaq üçün özü də səmaya qaldırdığı əllərinin arxasınca dartınaraq yalvarırdı. – Hökmdar olmağım sənin lütfündür. Bu bir möcüzədir, ilahi, hər gecə bir huri-mələk, hər gecə bir başqa həzz… – Sonuncu sözdə səsi qırıldı, ildırım sürətilə gözünün önündən keçən mənzərənin peşmanlığından özünü şillələyib ağlamsındı, – indi bunları itirməyimə niyə izn verirsən, ey böyük Allahım?! Ölsəm də, bu taxt-tacdan getmərəm… – yalvarışdan daha çox umu-küsü edirmiş kimi üsyankarcasına sızıllandı.

Əli ibn İsa ibn Məhan bu gün özünü, bəlkə də, yüz dəfə söymüş, tək qalanda yüz dəfə üzünə, başına döyəcləmişdi…


İbn Məhan özünün bu vəziyyətə düşməsində əlbir olub taxtını başına yıxan vəziri Validi və Şəmsi günahkar bilirdi. Ölçüyə gəlməyən bu itkinin qisası yalnız ölüm ola bilərdi. Xacə Məluma kənizi Şəmsi yatağına gətirməyi əmr etdi. Qız dünyadan xəbərsiz kimi həmişəki cəldliklə tül libasının ipini açıb ayaqları altına atdı, sevgi və ehtirasla hökmdarına sarıldı. İbn Məhanın bədəni bir anlığa uçunsa da, bütün qəzəbini qan çanağına dönmüş gözlərinə yığıb Şəmsə nifrətlə baxdı. Kənizinin uzun saçlarını sağ qoluna dolayıb, dodaqlarını yerindən qoparacaqmış kimi şəhvətlə iri, kobud dodaqları arasına aldı. Hökmdar qəzəb qarışıq ehtirasla ona təcavüz edir, Şəmsin nəfəsinin az qala kəsildiyini sövq-təbii ilə hiss etsə də, əzilmiş qürurundan doğan nifrəti ona güc gəlirdi. Qız hər tərəfinin ağrısından inildəyir, qışqırırdı. Qurtulmaq üçün çabalayarkən barmaqları ibn Məhanın boynuna toxundu. Ağlı başından çıxmış hökmdar bir an başını cəllad kötüyünün üstündə hiss etdi. Harun ər-Rəşidin onun boynunu vurduracağı gözü önündə canlanır, ona elə gəlirdi ki, cəllad hər dəfə baltanı qaldırıb boynunda böyük bir kəsik yaradır, amma başını bədənindən ayıra bilmirdi.

– Sən e-lə-din, sən mə-ni bu ha-la sal-dın!!!, – deyə qəzəblə Şəmsin boynunu sıxmağa başladı. Aylardır cənnətdən gəlmiş huri hesab etdiyi qız bu an onun gözündə bütün həyatını alt-üst edən şeytan idi. Cəllad baltasının ağrılarını hiss etdikcə bütün qorxu və qəzəbini əllərinə verirdi: – Sən ifritəsən, itirdim taxt-tacı!!!, – deyib hönkürdü. Gözlərindən sellənən yaş onu süstləşdirib əldən saldı. Yalnız bundan sonra Şəmsin cansız bədənini əlindən buraxdı…