Sərvaz həm də mənim dostumdur. Onların böyük toyuq hinləri var. Saxladıqları xoruzlar çox aqressiv olduqlarından onların hindən bayıra çıxmalarına imkan vermirlər. Küçədə, evlərinin qarşısında xoruz döyüşdürərkən səs-küy olduğundan, bəzən xoşlamadıqları insanlara hücum etdiklərindən əsas işi şikayət ərizələri yazmaq olan qonşumuz Çappa İsmixan sahə müvəkkilinə xəbər verirdi… Sahə müvəkkili Sərvazin qrupunda olan xoruzbazlara sonuncu dəfə xəbərdarlıq etdiyindən, onlar xoruz döyüşlərini hər dəfə Bakı kəndlərindən birində keçirir, məhəllədə isə Sərvazgilin hininin önündə toplaşıb, səssiz, xısın-xısın söhbət etməklə kifayətlənirdilər.
Aşağı siniflərdə mən akvarium balıqlarının azarkeşi olan Nuru ilə arxada, küncdəki partada əyləşirdim. Amma Nuru bütün dərslər boyu ekzotik balıqlardan ağız dolusu o qədər danışırdı ki, o da, mən də dərslərə qulaq asa bilmirdik. O üzdən də sinif rəhbərimiz Musa müəllim məni ön partaların birində Sənubər adlı qızla yanaşı oturtdu.
Sənubər birinci sinifdən mənim xoşuma gəlirdi. Düzünü deyim ki, ona vurulmuşdum. Bəlkə də bütün məktəb oğlanları onu gizli sevirdilər…
Sənubər çox gözəl idi. Çox da yaraşıqlı, bahalı paltarlar geyinirdi. Birinci sinifdən indiyə qədər onu şəxsi sürücü məktəbə gətirib aparır, başı qırxıq, idman bədənli yaşlı sürücü həm də onun cangüdəni rolunu oynayırdı.
Mən Sənubəri gördüyüm gündən, böyüyəndə onunla necə evlənəcəyim, ailə qurub dünyanı gəzəcəyim barədə xəyallar qursam da Sənubər nə mənə, nə də digər oğlanlara heç vaxt fikir verməzdi.
Musa müıllim məni onun yanında otuzduranda çox sevinsəm də, əslində bundan sonra mənim kədərli günlərim başlamışdı. Çünki Sənubər mənimlə çox az danışırdı. Onunla salam sağoldan başqa aramızda heç bir ünsiyyət yox idi. Onun dəftərlərinin üzərində xarici kino ulduzlarının, modellərin şəkillərini görəndə çox üzülür, qısqanclıq məni dəli edirdi… Mən heç nə edə bilmirdim. Sənubər mənə yaxınlıq vermirdi…
Arxa məhəllədə yaşayan Aydın tez-tez məktəbin qarşısındakı küçədə öz motosikletini uğuldadanda sinif qizları pəncərənin qarşısına toplaşırdılar… Onun motosikleti deyilənlərə görə Bakıda ən bahalılardan idi. Aydın bahalı dəri gödəkçə, cins şalvar, qara dəbilqə geyinib özünü qızlara göstərəndə hamı xısınlaşırdıki Aydın məktəbin qarşısına Sənubər üçün gəlir.