Cem oxuduğu repi yarımçıq kəsib, üzünü turşutdu:
–Yenə gəldi də buuuuu……
Qonşulardan eşitmişdim ki, Çappa İsmixan heyvanların hüquqlarını müdafiə edən cəmiyyət yaradıb. Qabaqlar hansısa qazetin müxbiri işləyirmiş. İndi saytlarla əməkdaşlıq edir. Balaca iti var. İtinin adı Çappadır. İsmixan cavanlıqdan içkiyə meylli olduğundan vaxtilə içki aludəçilərinin ən sevimli qədəhləri olan, yanı dilikli “çappa” stəkanın xatirəsinə itinin də adını Çappa qoymuşdu.
İsmixan əvvəlki vərdişinə sadiq qalaraq hər gün Çappanı gəzintiyə çıxaranda özündən asılı olmayaraq məhəllənin girəcəyindəki «yüzxana»ya baş çəkirdi.
Məhəllədə mastif, qafqaz ovçarkası, alaboy saxlayanlardan bəziləri it döyüşdürməyə də gedirdilər. Amma bütün bunları onlar hamısı İsmixandan gizlin saxlamağa çalışırdılar. Yoxsa İsmixan ölkədə ad çıxarmış qalmaqallı saytların birinin adını çəkərək, ştatdankənar müxbiri olduğu həmin saytla hər kəsi təhdid edirdi…
İsmixanın həyəti Cemgilin həyətindən ovuc içi kimi görünürdü. O uzun çənəsini yuxarı qaldırıb Cemə səsləndi:
–Eheyy, ayda gəzən, xəbərin var xəbərdən?
Cem İsmixanı eşitmirmiş kimi öz quşlarına baxırdı.
–Deyirlər, milyonerlər məhəlləsində bir ov tulası peyda olub, camaatın toyuq cücəsinə aman vermir. Burax o quşları azadlığa.Yoxsa o tula bizim küçəyə də dadanacaq…
Cem əsəbləşdi:
–Görürsən bu əbləhi. Guya heyvanların azadlığı uğrunda mübarizə aparır. Amma yüz qram süz, yer üzünün bütün heyvanlarını satar…
İsmixanın sərxoş olduğu səsindən bəlli idi:
–Göyərçinlərə azadlıq,-bu dəfə daha var gücü ilə qışqırdı.
İsmixanın iti Çappa da sahibinə qoşulub üzü yuxarı hürürdü.
Cem quşxanadan bir neçə göyərçin yumurtası götürüb, polietilen paketə qoydu. Kəndirlə həmin paketi İsmixanın həyətinə salladı:
–Verməsəm bu səsini kəsməyəcək…
Mən aşağı baxdım. İsmixan həyətdə yox idi. Yumurtaları da götürüb getmişdi…
İsmixanın getdiyini görən Cemin kefi kökəldi.Yerində dövrə vurub repinə davam edirdi:
çilli, çilli, çillidir
dilçəyi var dillidir…
Cem oxuyub qurtaran kimi mən soruşdum:
–Görəsən İsmixan niyə tək yaşayır?
–İsmixanın çox mülayim bir arvadı vardı… O bütün günü əyyaş dostlarını da başına yığıb gördüyün bu həyətdə vururdular. Xanik də onların arasında imiş. Xanoğlanı deyirəm. Bizdən beş on ev aralıda yaşayır. Məhəllənin başında. İsmixan Xaniki şərləyir ki, arvadıma söz atırsan. Xanik dözməyib İsmixanı o ki var çırpır. Sonra da Xanik türməyə düşür, İsmixan isə xəstəxanaya. Arvadı isə baş götürüb gedir… O gündən it saxlayır İsmixan. O öz arvadına da sahib çıxa bilmədi. İnsan ki, içki düşkünü oldu yaxınlarını itirir…Mənim Çappaya yazığım gəlir, İsmixan dilsiz ağızsız heyvanı da özü kimi riyakar öyrədib…