Mənimsə əlacım yalnız xəyallarımın qanadlarında kitab oxumaq idi. Çünki, Sənubərə qovuşmaq üçün səbrlə yaxşı təhsil almalı, həm də kitabxanada Sənubərə olan qısqanclığımı, həsrətimi bir qədər içimdə boğmalıydım.
Mənim hər zaman kitab oxumağım valideynlərimi sevindirsə də, həm də narahat edirdi. Atam kitablarla həddindən artıq vaxt keçirməyimdən əndişələnib, məni məcburi üzgüçülük məktəbinə də yazdırmışdı.
Əvvəllər üzgüçülüyə həvəssiz getsəm də sonradan bu mənim o qədər xoşuma gəldi ki, mən günü-gündən daha artıq həvəs göstərirdim. Artıq əzələlərim daha da möhkəmlənir, görünüşlü şəkil alırdı.
Məktəb qızlarının da mənə maraqla baxdıqlarını hiss edirdim. Bircə Sənubərdən başqa…
Üzgüçülükdə nə vaxtsa olimpiya çempionu olsam mən özümə ən bahalı “Harley Davidson” alacam. O vaxta kimi motosiklet Aydın Sənubəri mənim əlimdən almasa onu motosikletimə mindirib bütün Bakını gəzdirəcəm…
Bel çantama üzgüçülük şortumu, rezin papaq və təmiz dəsmal qoyub ağzını bağladım. Tezliklə yeniyetmələr arasında Bakı çempionatı olacaq. Odur ki, hər gün məşqə getməliyəm.
Pilləkənlərlə həyətimizə enəndə bizdən bir neçə ev aralıda yaşayan qonşumuz Cəfəri evlərinin damında gördüm. Cəfər məni görən kimi yerində atılıb düşdü, sol əlində tutduğu göyərçini göstərib, sağ əliylə məni yanına çağırdı. Cəfər quşbazdır. Evinin damında taxta quşxanada göyərçin saxlayır. Həm də repi sevir. Onu rep aləmində Cem adıyla tanıyırlar. Replərinə bütün Bakı gəncləri qulaq asır. Günün çox hissəsini damda göyərçinləri ilə keçirdiyindən Cem yuxarıdan məhəllənin demək olar ki, hər tərəfini görür. Həm də məhəllə sakinləri haqqında hər şeyi bilir.
Cem damdan,-qapı açıqdır, qalx yuxarı,-dedi. Həyət qapısından keçib, quşbaz repçinin evlərinin arxasındakı dəmir pilləkənlərlə onun yanına qalxdım.
–Gəl, xoş gəldin. Bu qara kəkillini görürsən, çilli onu endirdi… özgə quşudur. Tovlayıb gətirib, ha-ha-ha-ha -Cemin uçmağa qanadı yox idi.
Yerində dövrə vurub rep deməyə başladı:
Çilli quşum qanadlı
bütün məhlədə adlı
kimsə ona çatammaz
özgə quşunu “atdı”
çilli, çilli, çillidir
dilçəyi var dillidir
Çilli ürəkli quşdur
bizə gərəkli quşdur
gəlsən bizim məhləyə
dinc dayan, sakit otur
çilli, çilli, çillidir
dilçəyi var dillidir…
Aşağıdan, qonşu həyətdən boğuq səs gəldi:
– Quşlara azadlıq… – Bu qonşumuz Çappa İsmixanın səsi idi.