– Nənə, bu kuzə boşalanda su öz-özünə necə dolur axı? – taxçanın böyür-başına dolanıb kuzəni gözdən keçirməyə davam edirdim.
– Mənim balam, oraya suyu gözəgörünməz Allah baba doldurur, – nənəm bunu elə ürəkdən dedi ki, şəkk-şübhəmə yer qalmadı. Tələsik:
– Biz də belə bir kuzə alsaq, Allah baba onu da su ilə doldurar? – deyə soruşdum.
– Yox, canım-imanım, bu kuzədən təkcə burda var. Ona görə də bura ocaqdır… Sən bu sudan iç, gör səhər necə sağlam olacaqsan. Daha mənim balam xəstələnməyəcək. Hamıdan güclü olacaq. Pis gözlər yanıb yaxılacaq.
Həmin gün axşama kimi tez-tez nənəmə mənə kuzədən su verməsini deyirdim. Məqsədim isə möcüzənin şahidi olmaq idi, boşalmış kuzənin öz-özünə necə dolacağını öz gözlərimlə görmək istəyirdim…
Axşamın gec saatlarında nənəmin qolları arasında yuxudan gözlərim yumulsa da, yatmamağa çalışırdım. Kuzədə lap azca su qalmışdı. Yəqin, bir-iki stəkan da içsəm, su qurtaracaq və mən möcüzəyə şahid olacaqdım.
Səhər gözlərimi nənəmin yanında, yataqda açdım. Dünən axşam nə vaxt yuxuya getdiyimi bilməmişdim. Nənəm yatırdı. Cəld yataqdan qalxıb kuzəyə yaxınlaşdım. Gözlərimə inanmadım, heyrətdən donub qaldım: kuzə ağzınacan su ilə dolu idi. Bəs görəsən, axşam kuzənin dibində qalan suyu kim içib. Dünən oyaq qala bilmədiyim üçün özümü qınadım. Kuzənin öz-özünə necə dolduğunu, heyif ki, görə bilməmişdim. O möcüzəni görməyi çox, lap çox istəyirdim…
Bir az sonra nənəm də yuxudan ayıldı. Mənim ayaq üstə olduğumu görüb yaxınlaşdı, dodaqlarını alnıma yapışdırdı: – Ay sənə qurban olum! Qızdırman yoxdur. Özün də, maşallah, sapsağlamsan. Qurban olum Əhmədiyyənin cəddinə.
Sonra nənəm atamın nəzir olaraq verdiyi əlli manatı qoynundan çıxarıb ehmalca kuzənin altına qoydu. Bir qədər sonra Əhmədiyyə baba ilə Güldəstə nənə də gəldi.
Nənəm minnətdarlığını bildirib getməli olduğumuzu dedi.
Əhmədiyyə baba saçlarımı oxşayıb “Allah səni yüz yaşatsın, həmişə sağlam və güclü olasan. Qarşına çıxan pis gözlü, pis nəfsliləri biləyinin gücü, ağlının işığıyla bir anda məhv edəsən” dedi.
Mən həyətə qaçıb qısa müddətdə qaynayıb-qarışdığım kənd uşaqları ilə gizlənpaç oynamağa başladım. Özümü quş kimi yüngül və sağlam hiss edirdim. Bir qədər keçmiş atamın maşını küçənin başında göründü, sürücü bizim dalımızca gəlmişdi. Maşına əyləşəndə nənəm əllərini göyə qaldırıb “Allahım, sənə min şükür. Sayəndə Əhmədiyyə ocağı, kuzənin suyu balama şəfa oldu” deyə dua etdi.