Çox gec olsa da, atam hələ işdən qayıtmamışdı. Mən dünəndən onu görmədiyimdən darıxmışdım, anam və nənəm də nigaran idilər. Anam məni yatmağa göndərəndə eşik qapısı cırıldadı. Atam məni sapsağlam gördüyünə çox sevindi. Niyə gec gəlməsi ilə ilə bağlı anamın sualına köks ötürdü:
– İşdən çıxmağa az qalmış mənə zəng gəldi ki, Əhmədiyyə babanın birdən-birə vəziyyəti pisləşib, xəstəxanaya gətirirlər. Mən də getdim, onu qarşılayıb xəstəxanaya yerləşdirdim. Həkimlər dedilər ki, vəziyyəti kritikdir. Səhərə kimi əllərindən gələni edəcəklər. Görək sabah başımıza nə gəlir.
Mənim sağalmağıma səbəb olan nurani qocanın indi özünün ağır vəziyyətdə olmasına təəccüblənirdim: – Nənə, mən xəstələnəndə Əhmədiyyə babanın kuzəsindən içdiyim su məni bir gündə tam sağaltdı. Nədən o özü də kuzədəki sudan içib sağalmır?
Nənəm əlimdən tutub məni yataq otağına gətirdi, əynimi dəyişə-dəyişə üzündə xəfif kədərli təbəssümlə mənə izah etməyə çalışdı:
– Əhmədiyyə babanın kuzəsindən su içənlərin hamısı şəfa tapardı. Amma hamı bu sudan o qədər içdi ki, kuzənin suyu qurudu… – üzümdən öpüb məni yatağıma uzadarkən yenə gülümsədi, – Başa düşdün, ağıllı balam? Babanın özünə su qalmayıb. Dua edək ki, Allah özü Əhmədiyyə babaya kömək olsun… İndi yat, yuxun şirin olsun, – deyə yorğanı üstümə örtüb otaqdan çıxdı.
Nənəmin sözləri mənə çox təsir etmişdi: “Babanın özünə su qalmayıb”…
Bu hadisədən uzun illər keçsə də, ən isti havalarda belə mən suyu qurtum-qurtum içirəm…
Cənnətdəki hotel
Ona elə gəlirdi, gözünü açandan bəri yaşadığı bu şəhərə bircə günlük səfər edib.
Küçələr, evlər, ağaclar, hər gün dəfələrlə yanından keçdiyi, gördüyü bu mənzərələr həmənki olsa da, sanki nə vaxtsa cəmi bir günlük səfərdə olduğu şəhərə qayıtmışdı…
Yalnız indi anladı ki, ona tanış gələn şəhərə bir günlük səfər adi səfər deyilmiş, ömrünün bir gün kimi keçən böyük zaman kəsiyi imiş…
Səhər yuxusundan oyanmağı, gözəl sevgilisinin zil qara saçlarının barmaqlarına dolaşması, tələsmədən yatağından qalxması, sevgilisini qollarına alıb öpüşlərə qərq etməsi, gözləri saatda, tələm-tələsik yediyi iki sarılı qayğanaq…
Özünü avtomobilinin sükanı arxasına atıb şəhərin gec yanan işıqforlarını bir-bir sayması, uşaqlarının doğulması, vətənə xidmət saydığı vəzifəsinin daha bir pillə də yüksəlməsi ömrünün günortası idi. Bir gün içində yaşadıqlarının fonunda təlaşlı, yükü böyük, tənbəl bir günorta…