Evdən səhər yeməyi yeyib çıxsaq da, Güldəstə nənə süfrəyə yağ, pendir, çörək düzüb, bizə çay süzdü. Nənəm çörəyin arasına yağ-pendir qoyub mənə uzadanda başımı bulasam da, israr etdi:
– Ye, ay bala. Bura ocaqdı. Yeməsən, sağalmazsan.
Özümü halsız hiss edirdim, yeməyə iştaham da yox idi, çox istəyirdim ki, tez sağalım. Amma nə o boyda yol qət edib gəldiyimiz bu evdə, nə də məcburən yediyim pendir-çörəkdə heç bir qeyri-adilik görmədiyimdən nənəmdən soruşdum:
– Bura niyə ocaq deyirlər?
Nənəm otağın mərkəzindəki taxçanın üstünə qoyulmuş kuzəni göstərib dedi ki, kim ondan su içsə və gecə də bu ocaqda yatsa, səhər sapsağlam oyanır. Əlavə etdi ki, Əhmədiyyə baba seyid-övliya övladıdır və bu sehrli kuzə ona da babasından qalıb. Sonra nənəm Güldəstəyə kuzədən mənə bir stəkan su verməsini dedi.
Kuzənin ortasındakı dairəvi çıxıntının içərisində doqquzguşəli ulduz, ulduzun xətləri arasında isə düz və qırıq xətli naxışlar vardı. Bu naxışların nə məna kəsb etdiyini anlamasam da, sehrlənmişdim, gözlərimi ondan ayıra bilmirdim… Özümü uzaq yaşıl vadinin ortasında hiss edirdim. Taxçanın arxasında divara vurulan da adi kilim deyildi, ortasındakı rəngarəng naxışların hər biri elə bu cazibədar, baxışları əsir edən kuzənin özü boyda idilər…
Güldəstə nənə armudu stəkana kuzədən su doldurub qarşıma qoydu. Həyətdəki səs-küyə pəncərəni açıb, başını çölə uzatdı:
– Nə yaman çoxsunuz? Vacib qonağımız var. Duaları hazır olanlarınkını indi gətirirəm. Kuzədən su içmək, gecə burda qalmaq istəyənlər sabah gəlsinlər, – deyib Əhmədiyyə babanın olduğu otağa keçdi. Ondan aldığı yazılı duaları sahiblərinə çatdırmaq üçün həyətə düşdü.
Mən suyumu içib qurtardıqdan sonra nənəm axşam yatana kimi bu sudan mənə verəcəyini deyib, “Allah rast gətirsin, şəfa versin” deyə dua etdi. Kuzəyə yaxınlaşdım ki, özümə bir stəkan da su süzüm. Nənəm tez özünü yetirib, məni kənara çəkdi: “Ehtiyatlı ol, ay bala, salıb sındırarsan, hər kəs peşman olar. İstəyəndə de, mən özüm sənə kuzədən su verəcəm.”
Mən hələ də bu evin, kuzənin, suyun nə ilə fərqləndiyini anlamadığımdan nə isə öyrənmək ümidilə nənəmdən soruşdum:
– Suyu bu kuzəyə Əhmədiyyə baba doldurub?
– Yox, ay bala, bu kuzə sehrlidir. Hər dəfə kuzədən su qurtardıqda o öz-özündən yenidən dolur…
Təəccüb və heyrət içində idim. Kuzəni azca qaldırıb altına baxdım. Taxçanın üstünə sərilmiş ağ süfrədən başqa heç nə yox idi. Nənəm yenə tez məni kənara çəkib, kuzəni ehtiyatla yerində düzəltdi.