– Atana de məktəbə gəlsin, it küçüyü, sən qızıxmısan, – deyə Mədinəyə çəmkirib Vasifin qolundan tutaraq yoluna davam etdi: -Atana zəng edəcəm, deyəcəm bu uşağı qorumaq lazımdır. Amma mənə bir şey maraqlıdır. Xətrinə dəyənlərin sındırmadığın burunları qalmayıb, bir qızın öhdəsindən gələ bilmirsən? Niyə saçından tutub atmadın kənara?
– Qıza əl qaldırmazlar, müəllim, oğlanlara baxma, – deyə Vasif mavi gözlərindən gülümsədi.
Atabala müəllimin bu yeniyetmə oğlanın böyüklərsayağı təmkinindən xoşu gəldi, bığaltı gülümsədisə də, Vasiflə qaşqabaqlı danışdı:
–Hmmm… Sənin işin çətin olacaq. Əvvəllər təkcə rəqiblərin, oğlanlar ilişirdi sənə, indi qızlar da… Qanları xarab köpək uşaqları! – Atabala müəllim T hərfinə oxşayan bığının altından deyinə-deyinə irəlilədikcə Vasif anlamırdı ki, sinif rəhbəri öz-özünə danışır, yoxsa onunla. Yaxınlaşdıqca giriş qapısının qarşısında görünən məktəbin ən gözəl qızı Amaliyanın üzünə gülümsəməsi Vasifə bircə anda hər şeyi unutdurdu, bütün narahatlığı yoxa çıxdı, çöhrəsinə nurlu bir təbəssüm yayıldı…
Mədinə Səidə qoşulub Rusiyaya qaçmışdı. Rostova gəldikləri ilk gün kirayə ev tutdular. Ev sahibləri kommunal mənzilin bir otağını onlara vermişdi. Ev sahibəsi Mariannaya çox oxşayırdı. Uzaq yol gəlib yorulduqlarından Mədinə daş kimi yatmışdı. Gecənin qaranlığında səs-küydən ayılanda başı üstündə polisləri gördü, təlaş və qorxu içində boylananda Səidi ağzıüstə uzadıb qollarını qandallayırdılar…
Səid ev sahibəsini zorlama cəhdi ittihamı ilə səkkiz il azadlıqdan məhrum edildi. Məhkəmədə məlum oldu ki, sən demə, Mədinə yatandan sonra Səid su içmək üçün mətbəxə keçib, orada çay içən ev sahibəsini Marianna ilə “səhv salıb”, arxadan qucaqlayıb sinəsini oxşamağa başlayır. Qadın çığır-bağır salmaq istəyəndə ağzını əli ilə qapadır, düşünür ki, xoşlandığından belə edir. Ev sahibəsinin əri Saveliy mətbəxdəki hənirə qaçıb gəlir və iri tavanı arxadan Səidin başına çırpır. Sonra polisə zəng edir…
Mədinə atasının evinə qayıtmadı. Bazarlarda, piştaxtalar arasında gecələdi. Ümid etdi ki, Səid cəzasını çəkib qurtarandan sonra evlənəcəklər. Onların heç ilk gecəsi də olmamışdı. Yol yorğunu olduqları o ilk gecə Səid yanında yatan Mədinəni Mariannanın bənzərinə dəyişmişdi. Mədinə illərlə gözləsə də, Səid həbsdən qayıtmadı; kamera yoldaşını öldürdüyünə görə daha iyirmi il həbs, sonra daha bir neçə cinayət… Mədinə dünyanın ən xəbis duyğusu olan ümidə aldana-aldana, Səidi gözləyə-gözləyə qarıyırdı. Bir dəfə onu Rostovun mərkəzi bazarının qarşısında maşın vurdu. Bütün sümükləri çilik-çilik olmuşdu, sağalması uzun çəkdi. Gəzəndə axsayır, bir gözü də görmürdü. Bəzən başına daha nə gələ bilər deyə düşünürdü. Bu ömrü niyə yaşamışdı? Niyə belə yaşamışdı? İndi nə etsin, kimə üz tutsun, bilmirdi. Amma nə olursa olsun, vətənə dönməyə üzü yox idi. Bəlkə də, utanmaqdan daha çox hikkəsindən geri qayıtmaq istəmirdi.