Adəmin lüğəti - страница 7

Шрифт
Интервал


İndi kimya laboratoriyasında laborant işləyən Marianna məktəbi keçən il bitirmişdi. O, hərəkət etdikcə qısa ətəyi iki yastığa birdən çəkilmiş üzlüyü, köynəyi isə iki cərco yemişinə dar gələn torbanı xatırladırdı. Marianna Səidin gizləndiyi ağaca çatanda oğlan pusquda dayanmış ac qurd kimi qarşısını kəsdi. Lal-dinməz Səidin gözlərinin içinə baxan qız yoluna davam etmək üçün addım atanda oğlan cəld yana çəkilib yol verdi, Marianna ilə yanaşı gedə-gedə birdən sol əli ilə qızın belini qamarlayıb dodaqlarına kilidləndi. Mədinə uzaqdan Səidin sağ əlinin qızın koftasının içərisinə girdiyini, qızın “eləməə” deyə nazla dartındığını, oğlanın qolları arasında qıvrıldığını, uzaqlaşdıqca ara-sıra dayanıb öpüşdüklərini izlədikcə bədəninə istilik yayılır, yanaqlarının od tutub yandığını hiss edirdi. Yüngülcə köks ötürüb bağı bir də süzdü, çiynindəki çantasını çıxarıb əlində hazır vəziyyətdə saxladı. Sinif yoldaşı Vasif yaxınlaşanda Mədinə paltarlarına ilişən böyürtkən kollarını tələsik dəf edərək çantanı qaldırıb var qüvvəsi ilə arxadan onun başına çırpdı.

Bığları tərsinə yazılmış T hərfini xatırladan sinif rəhbəri Atabala müəllim bağın ortasında göründü. Arxasınca bir dəstə uşaq gəlsə də, heç kim müəllimdən önə keçməyə cürət etmirdi. Aramla məktəbə doğru yeriyən sinif rəhbəri uzaqdan Mədinə və Vasifi görüb addımlarını yeyinlətdi. Qız hər dəfə əlindəki çantanı yelləyib Vasifi vurmağa çalışsa da, oğlan əli ilə zərbələri dəf edib sakitcə yoluna davam edirdi.

Qəzəblə dodaqları sıxılmış, alnı qırışmış Mədinə “Hüsüyeva, bu nə biabırçılıqdır?” deyə acıqlanan sinif rəhbərinin səsini eşitmirmiş kimi Vasifin üstünə cumurdu. Atabala müəllim çatıb onun sözlərinə məhəl qoymayan qızın qolundan tutub kənara itələdi. Tərdən sifətinə yapışmış saçlarının arasından görünən bir gözü ilə qəzəblə müəlliminə baxan Mədinə dəliyə dönmüşdü.

– Bu uşaqdan nə istəyirsən, Hüsüyeva? Səndən soruşuram, cavab ver, – Atabala müəllim bağırdı,– Niyə vurursan onu?

Mədinə qəzəbindən boğulsa da, ağalaya da bilmirdi: – O niyə belə yaraşıqlıdır? Niyə axı? Niyə də, niyə? – Üsyana bənzər bu nidasına uşaqlar bərkdən gülüşdülər. Onların gülən çöhrələrinə baxdıqca Mədinənin qəzəbi alovlanırdı.

Atabalanın üst dodağındakı tərsinə T hərfi həmişə əsəbləşəndə olduğu kimi yenə qalxıb endi: