Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - страница 32

Шрифт
Интервал


Ayşət xanımın danışığından hiss olunur ki, təfərrüatlarını bölüşərkən o, necə əzab-əziyyət çəkir və sıxılır. Həm həyat yoldaşına olan məhəbbəti, həm övladının iztirablar içində mahnını yüksək səviyyədə ifa etməsi, sözsüz ki, Ayşət Əhməd qızını həmin anlara, Məhəmmədlə keçirdiyi qısa, ancaq xoşbəxt və mənalı günlərə dartıb aparırdı. Bu, söhbətdən sonra onun özünə qayıtması üçün müəyyən zaman fasiləsinə ehtiyac duyulurdu. Lakin sualı sual arxasınca ünvanlayan müsahibin, jurnalistin növbəti sorğusu heç də əvvəlkindən az təsirli olmurdu. Uşaqlıq dövrü ilə bağlı ünvanlanan sualı cavablandıran Ayşət xanım dərindən ah çəkərək yaddaşına həkk olunan məqamları dilə gətirərək deyirdi:

“Müharibədən çox keçməmiş türkləri Qafqazdan sürgün etməyə başladılar. O cümlədən atamı Sibirə, Tomsk şəhərindən təxminən 200 kilometr aralıda yerləşən Beliş-Yar adlı bir yaşayış məntəqəsinə göndərdilər. Bir dəfə yanına getdim, görüşdük, onu sakitləşdirməyə çalışdım. Nə qədər buna müyəssər oldum deyə bilmərəm… Bu, atamla mənim son görüşüm oldu. Sonradan xəbər aldım ki, artıq atam bizim həyatla vidalaşıbdı.”

Bir-birinin ardınca yada salınan ağır və acı xatirələr Ayşət xanıma əməlli-başlı təsir göstərmişdi, sanki, qəhər onu boğurdu. O, hıçqırtı ilə danışır və çalışırdı ki, danışdıqca, həm ürəyini boşaltsın, həm də nisbətən təskinlik tapsın. Bununla belə, sinəsinin üzərindən diyirlənərək damcı formasında aşağı düşən isti və mavi göz yaşları onun daxili aləminin necə alovlanmasından xəbər verirdi. Bu, göründüyü kimi bir o qədər sadə, həmçinin, bir o qədər asan deyildi, ancaq Ayşət xanım özündə güc tapıb bunu edə bilmişdi. Bəlkə o, dramatik rolların mahir ifaçısı olduğu üçün vəziyyətin öhdəsindən bacarıqla, məharətlə gələ bilirdi. Söz yox ki, bu fikirlər mənim bədii düşüncəmin, şəxsi təxəyyülümün və təəssüratlarımın məhsulu kimi qəbul olunmalıdı.

Oğlu Müslümlə bağlı söhbət etdiyi zaman Ayşət xanım qarşısına çıxan çətinlikləri, yaşadığı problemləri necə dəf etdiyini, hansı həyat macəraları ilə üz-üzə qaldığını sərbəst dilə gətirməyi bacarırdı . O, deyirdi: “Müslümü atasız böyütmək mənim üçün olduqca ağır idi, lakin çalışırdım ki, bu işin öhdəsindən inamla gəlim. Bakıdakı qohumlarım daima bizə kömək gostərirdilər. İlk musiqi dərsini Müslüm Valentina Mixaylovna Sulqinadan götürdü. Müəllimə bildirdi ki, uşaqda olan istedad və zəka Allah vergisidi. Sanki, Müslimdə nə isə qeyri-adi bir hiss, bir möcüzə var idi”.