Mən saatıma baxdım. Məşqə gecikməməliydim. Cemlə sağollaşdım. Dəmir pillələrlə yerə enərək küçəyə çıxıb, məşqə yollandım.
Dayanacağa çatanda bir motosiklet uğuldayıb tormoz verdi. Geyimindən və motosikletindən qarşımı kəsənin arxa məhəllədən Aydın olduğu yəqin idi. Amma o, qara dəbilqəni başından çıxarmadan dilləndi:
–Sənubərlə bir partada oturan oqlan sənsən?
–Necə bəyəm?
–Heç, sən uşaqsan sevgi nədir bilmərsən. Amma mənə kömək etməlisən.
–Necə kömək edim sənə?-deyə xəbər aldım.
Motosiklet Aydın cibindən bir zərf çıxardıb mənə uzatdı:
–Bunu Sənubərə çatdırmaq lazımdır, qardaşımsan, amma açmayasan .
Aydın sonra əlini şalvarının yan cibinə salıb, bir topa pul çıxararaq on manat götürüb mənə uzatdı:
–Al götür, bu da sənin olsun.
Mən Aydının əlini itələyib ,-lazım deyil, özünçün saxla- dedim.
Bu dəfə Aydın yenidən zərfi mənə uzadanda, mən ona,– poçtalyonam səninçün? – deyib yoluma davam etdim.
Düzdür Aydının özündən zəhləm getsə də motosikletindən çox xoşum gəlirdi. O motosikleti fırlayıb arxamca gəldi, mənim bərabərimdə saxlayıb, -demək mənə kömək etmək istəmirsən,-dedi.
–Eliyərəm, bir şərtlə.
–Nə şərtdir elə?
–Motosikleti bir günlük mənə verəsən.
–Sən uşaqsan axı, motosiklet idarə etmək üçün icazən də yoxdur.
–Onda Sənubər də uşaqdır…
–Sənə nə var?
–Açıl başımdan.
Aydın qəzəblənib, motorunu durdurmaq istədi:
–Nə dedin Sən? Bura gəl görüm uşağın biri.
Motosiklet yanı üstə aşdı. Aydın mənə tərəf qaçıb yumruğunu qaldırdı ki, məni vursun. Mən ona macal vermədim. Sinəsindən və ayaqlarına vurduğum zərbələrdən Aydın yerə sərildi.
Mən dəbilqəsini onun başından çıxarıb kənara atdım. Bir qədər sonra Aydın gözlərini açıb məni heyrətlə süzdü:
–Az qala öldürmüşdün məni.
–Bəs deyirdin uşağam…
Mənim avtobusum dayanacaqda göründü. Aydının bərk əzilmədiyini görüb avtobusa tərəf qaçdım.
Avtobus şəhərə doğru şütüyürdü. Gözlərim sürətlə keçdiyimiz küçələrdə olsa da, fikrim hələ də motosiklet Aydının yanında idi. Buna bir bax, gör bir o nə qədər hiyləgərdir ki, mənim əlimlə öz sevgilimi əlimdən almaq istəyir. Eh, bir adamı ki, bütün şəhər motosikleti ilə tanıya… Düzdür, mənim Aydının motosikletindən xoşum gəlir, amma mən heç vaxt istəmərəm ki, mənə motosiklet Vasif desinlər. Heç «Mersedes» Vasif də, «Cip» Vasif də deməsinlər. Eləcə Vasif… Yaxud da dünya çempionu, olimpiya çempionu Vasif… Hə, bu başqa məsələ… Aydının mənim zərbələrimdən yerə sərilməsi yadıma düşdü… Heç zaman kiməsə əl qaldırmamışdım. Amma o, mənim sevgilimi əlimdən almaq istəməsi bəs deyil, hələ bir məni vurmağa da çalışırdı. Görəsən Sənubər mənim Aydını vurmağımı görsəydi o nə düşünərdi? Kaş görəydi… Sənubər onu bir daha sevməzdi…