Adəmin lüğəti - страница 6

Шрифт
Интервал


Mədinə bu gün evdən çox erkən çıxmışdı. Bağın ortasında balaca ada kimi görünən böyürtkən kollarının arxasında gizlənib kimisə gözləyirdi. Ətrafı gözətləyəndə nisbətən iri gövdəli, qoca ərik ağacının arxasında məktəbin son sinfində, özündən üç sinif yuxarıda oxuyan Səidin də pusquda olduğunu gördü.

Hamının qorxduğu Səid üç il idi, sinifdə qalırdı. Direktordan tutmuş birinci sinif şagirdinə kimi hər kəs onun məktəbdən rədd olub getməsini istəsə də, buna bircə dərs hissə müdiri İbad müəllim mane olurdu. O, sağ-salamat olan atasının goruna and içmişdi ki, Səidi üç il sinifdə saxlayıb attestat üzünə həsrət qoymasa, kişi deyil. Sözünün üstündə durub saxladı da. Başındakı yanıq yerinin ağrısı yalnız bundan sonra onu rahat buraxdı…

İbad müəllim daz idi və keçəlinin görünən hissəsində qara xalı xatırladan bir yanıq yeri vardı. Deyilənə görə, ona məlum olur ki, ailədəki on bir uşağın ən böyüyü olan Səid bazarda göy-göyərti satdığı üçün dərsə gəlmir. Eləməyib tənbəllik, bazara gedir və Səidə deyir ki, sabah dərsə gəlməsən, səni məktəbdən qovacağam. Səid də yenicə yandırdığı siqaretdən bir-iki qullab vurub deyir ki, müəllim, bağışla, on bacım var, onların dərdindən çəkirəm.

Şagirdinin onun gözü önündə siqaret çəkdiyini görüb əsəbləşən İbad müəllim deyir, “Neyniyim, alə, on qızı mən gətirmişəm dünyaya?”. Səid də çıxır piştaxtanın üstünə, deyir, “müəllim, bir qullab da vurum, kişi deyil sənnən getməyən.” Sonra da dərs hissə müdirinə işarə edir ki, qulağını yaxın gətir, vacib sözüm var. İbad fikirləşir ki, bu imansız hələm-hələm qulağa söz deyən deyil – əcəba, nə vacib sözdür ki, bu əbləh mənim qulağıma deyəcək? Maraqla qulağını Səidin ağzına yaxınlaşdıranda bircə söz eşidir: “keçəl”.

–Nə dedin sən, itdən əmələ gələn? -İbad əl atır ki, Səidi boğazlasın, o da siqaretə son qullabını vurub, müəllimin keçəlinin ortasına basıb söndürür: “Alə, keçəlsən də…” deyə piştaxtanın üstündən tullanıb qaçır. Azyaşlı olmasını, həm də çoxuşaqlı anasının ora-bura yazacağını nəzərə alıb İbad Səiddən polisə şikayət etmir, amma qisasını onu üç il sinifdə saxlamaqla alır…

Mədinə fikirləşdi ki, Səid başına təzə oyun açmaq üçün yenə də İbad müəllimi gözləyir. Amma İbad ərik bağı boyunca olan cığırların heç birində görsənmirdi, onun yerinə, Səidin arxasında gizləndiyi ağacın düz üstünə gedən cığırla Marianna irəliləyirdi…